Xeyirxahın 1 yaşı oldu

1 il əvvəl Xeyirxah adı altında birləşməyə qərar verdik. Keçən ilin bu günü – 25 apreldə xeyirxah.com saytı vasitəsilə fəaliyyətə başladıq.

Yarandığımız bir il ərzində “Onu Sən Yaşat!” devizi ilə yardım aksiyası, “Elektra Events Hall”da “Nəfəs Festivalı”, “Biz Sizinləyik” devizi altında tədbir, “Çərpələng”də uşaqlar üçün əyləncəli tədbir, “Səssiz Qəhrəman” jest dili təlimləri, jest dilində video dərsliklərin hazırlanması, 8 mart ərəfəsində xüsusi senari əsasında hazırlanmış video rolik, “Zəhra üçün həmrəylik aksiyası” kimi layihə və aksiyaları icra etmişik. İlk dəfə keçirilən, Ümumilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Jest dili üzrə tərcümə olimpiadası”na qeydiyyat davam edir. Bəyan etmişik ki, “Səssiz Qəhrəman” adı altında jest dilində forumları reallaşdıracağıq. Bir neçə qurumla əməkdaşlığımız olub. 9 xəbərimiz 60 dəfədən çox dərc olunub.

Onu da qeyd edək ki, gördüyümüz işlərin həcmindən razı deyilik. Təklif və planlarımız çoxdur. İnsanlara yardım etməyin yollarını araşdırıb təqdim etmək, həssas qrupun nümayəndələrini əhatə edən işlər görmək, cəmiyyətə faydalı olacaq innovativ layihələri təqdim etmək niyyətindəyik. Qarşıdakı 1 il üçün 7 genişmiqyaslı, 44 kiçikmiqyaslı layihə və ya təklifin icrası üçün var gücümüzlə çalışacağıq. Əlbəttə ki, bu siyahı genişlənəcək.

1 yaşımızda yeni bir layihə haqqında xəbər veririk. Yaxın günlərdə “II Nəfəs Festivalı” elan olunacaq.

Bizi izləyən, bizə inanan, dəstək verən hər kəsə təşəkkür edirik.

Bağla