Xeyirxah Baş Nazirə Koronavirusla Mübarizəyə Dəstək Fondu ilə bağlı məktub ünvanladı - TƏKLİF


Martın 20-də Xeyirxah Baş Nazir Əli Əsədova Prezident İlham Əliyevin 19 mart tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vətəndaş həmrəyliyinin nümayiş olunması məqsədilə ianə toplanması üçün aksiya keçirilməsi ilə bağlı müraciət ünvanlayıb.

Məktubun mətnini olduğu kimi təqdim edirik:

"Hörmətli cənab Baş Nazir,

Biz vətəndaş olaraq dünyanı cənginə alan Koronavirusla mübarizə ilə bağlı ölkəmizdə görülən işləri yüksək qiymətləndirir, böyük məmnunluq hissi ilə sizə təşəkkürümüzü bildiririk.

Bildiyimiz kimi cənab Prezidentin sərəncamı ilə “Koronavirusla Mübarizəyə Dəstək Fondu” yaradılıb. Eyni zamanda vətəndaşların dövlətin müəyyən etdiyi karantin qaydalarına əməl etməsinin, müxtəlif formalarda mənəvi dəstək nümayiş etdirməsinin şahidi oluruq.

Biz cənab Prezidentin sərəncamı ilə təsdiq olunmuş “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydası”nın “2.1.2. fiziki və hüquqi şəxslərin könüllü ödəmələri” bəndini rəhbər tutaraq geniş bir aksiyaya başlamaq istəyirik. Belə ki, aksiya “Birlik”, “Həmrəylik”, “Könüllülük”, “Vətən sevgisi” sözlərini deviz seçərək vətəndaşların sözügedən Fonda kiçik və ya böyük məbləğdə pul köçürdükdən sonra estafeti ötürməklə dostlarını dəvət etməsi ilə daha bir mənəvi dəstəyin ifadə olunmasından ibarətdir.

Sizdən vətəndaş həmrəyliyinin nümayiş olunması üçün məqsədəuyğun hesab etdiyiniz halda belə bir aksiyanın keçirilməsinə razılıq verməyinizi, Ödəmə Nöqtələrindən ödəniş edilməsi üçün müvafiq hesab nömrələrinin təqdim edilməsi və bundan irəli gələn digər işlərlə bağlı göstəriş verməyinizi xahiş edirik.

Bir daha sizə və operativ qərargahın bütün tərkibinə ölkəmiz üçün görülən işlərdə uğurlar arzulayır, sonsuz təşəkkürümüzü bildiririk".