Sosial izolyasiyanın Çin təcrübəsi – azərbaycanlı tələbə Xeyirxaha danışdı


Xeyirxah Çində təhsil alan azərbaycanlı tələbə ilə həmsöhbət oldu: "Çin təcrübəsi onu göstərir ki, burda hər şey insanların vəziyyəti ciddiyə almasından irəli gəlir" 

Ötən ilin sonlarında Çində ortaya çıxan yeni növ koronavirus artıq dünyanın əksər ölkələrində yayılmışdır. “worldometers.info” virusla bağlı statistik məlumatları mütəmadi olaraq sayt üzərindən dərc edir. 1.4 milyarddan çox əhalisi olan Çində insan tələfatı əhalinin sayına nisbətdə virusun geniş yayıldığı digər ölkələrə baxdıqda çox az oldu. Baxmayaraq ki, virus burada meydana gəlib. Çin artıq bu günlərdə yeni yoluxmaların olmadığını və karantin rejimindən normal rejimə keçdiyini bəyan etdi. Çində bunu necə bacardılar? Virusun yayılmasının qarşısını almaq üçün nələr etdilər? Bu kimi suallara həmin ölkədə təhsil alan və oradakı sosial izolyasiyanın şahidi olan azərbaycanlı tələbədən öyrənməyə çalışacağıq.

Müsahibimiz Çinin Jiangsu əyalətinin Nankin şəhərində yerləşən Nankin Kənd Təsərrüfatı Universitetinin magistrantı Gülnaz Quliyevadır. Gülnaz Azərbaycan Dövlət Pedoqoji Universitetinin məzunudur və bakalavr təhsili alarkən ictimai fəal gənc olmuşdur.

- Gülnaz xanım, virusun ilkin olaraq yayıldığı Uhan şəhəri sizin yaşadığınız şəhərdən nə qədər uzaqda idi?

- Nankin şəhəri Jiangsu əyalətinin paytaxtı olub, köhnə paytaxt şəhərlərindən biridir və Uhan şəhərindən təxminən 500 km məsafədə yerləşir. Qeyd edim ki, bu Çinə görə elə də uzaq məsafə demək deyil.

- Yəqin mətbuatdan izləyirsiniz ki, Çin artıq koronavirusa yoluxma hallarının olmadığını bildirdi və karantin rejimini ləğv etdi. Əhalisinin sayına görə virusa yoluxanların sayı virusun geniş yayıldığı digər ölkələrlə müsbət mənada çox fərqlənir. Sizcə onlar bunu necə bacardı?

- Mən bu sualınıza bir neçə səbəb gətirərək cavab vermək istərdim. Hər şeydən öncə birmənalı olaraq deyə bilərəm ki, burda əhali çox ciddi şəkildə karantinin tələblərini yerinə yetirirdi. Bu vəziyyət Çin Yeni ili ərəfəsində yarandığından əhalinin böyük bir qismi ya öz evlərində idilər, ya da fərqli ölkələrdə səyahətdə. Ümumiyyətcə, Çin Yeni ilində Çində həyat müvəqqəti olaraq fasilə verir və virusun yayıldığı vaxt bununla üst-üstə düşdüyündən hər kəs o durumun virusa görə olduğunu zənn edib, həqiqəti əks etdirməyən xəbərlər yaydı. Düzdü, hökumət pandemiyaya görə yeni ilin tətilini uzatmaq qərarı verdi. Beləliklə, insanlar zərurət yaranmadıqca evdən çölə çıxmadılar. Eyni zamanda universitetlərdə, yaşayış binalarında, ictimai obyektlerdə nəzarət çox gücləndirildi. Hər gün temperatur ölçülür, kampusu tərk etməyə icazə verilmir, kənar şəxslərin girişi qeydiyyatı olmadığı təqdirdə qadağan edilirdi. Bu kimi qaydalar hər yerdə keçərli idi. Onu da qeyd etmək istərdim ki, maskasız kiminsə çölə çıxmasına icazə yox idi. Hətta bəzi fərqli tətbiqetmələr də vardı ki, həmin tətbiqetmələr vasitəsilə biz getdiyimiz ərazidə virusa yoluxanın olub olmadığını öyrənə bilirdik və beləliklə, bu yoluxmanın riskini azaldırdı. Nəzərə alsaq ki, bu milyardlıq əhalisi olan bir ölkədə bu effekti verirdi, bizdə nəticəsi daha çox ola bilər.

- Sizin əhatənizdə yəqin ki, Çinin digər vilayətlərində təhsil alan azərbaycanlı tələbələr də var. Onlarla maraqlanmısınızsa, deyərdiniz ki, onların olduğu yerlərdə nəsə fərqlilik olub, yoxsa hər şey eyni qaydada olub?

- Bizim həmvətənlərimizlə “wechat” qrupu var, hansı ki, bu qrup vasitəsilə biz orda olan həmvətənlərimiz haqqında məlumat ala bilirik. Bəli, mənim hələ də orda qalan dostlarım var. Sadəcə Nankində deyil, eyni zamanda Şanxayda, Hanсouda, Pekində, Siçuanda və digər şəhərlərdə də həmçinin virus yayılmağa başladığı gündən qalanlar var. Vəziyyətin yavaş-yavaş normala düşdüyünü bildirirlər. Lakin hər əyalətdə bir cür vəziyyət olduğundan tam olaraq bunu bütün Çinə şamil etmək düzgün olmaz. Hər əyalət, şəhər yavaş-yavaş əvvəlki həyata dönür. Hətta epidemiya riskini gözə alaraq yeni qaydalar da tətbiq edilir, bununla da sizin sağlamlığınızın qaydasında olduğu təsdiqlənmiş olur. Amma onu deyə bilərəm ki, Jiangsu əyalətində artıq apreldən etibarən məktəblərin də açılması gözlənilir.

- Çində epidemiyanın başladığı ilk günlərdə şahidi olmuşsunuz. İndi də vətəndəsiniz. Sosial izolyasiya ilə bağlı vətənaşların mövqeyini necə müqayisə edərdiniz?

- İlk olaraq qeyd edim ki, ölkəmizdə hər cür sosial izolyasiya planı dövlət tərəfindən təyin olunub. Bunlara əməl edən əhali siyahısını iki yerə bölmək istərdim: virusa inanıb qaydalara əməl edənlər və virusun ciddiyyətini önəmsəməyib qaydaları pozanlar. Çin təcrübəsi onu göstərir ki, burda hər şey insanların vəziyyəti ciddiyə almasından irəli gəlir. Məsələn, metroların bağlanması misalını göstərim ki, Nankin şəhərində metrolar bağlı deyildi. Çünki, bağlamaq zərurəti yaranmamışdı. İstifadə edən yox səviyyəsində idi və hər kəs qaydalara əməl edirdi. Koronavirusla mübarizə məqsədilə fondun yaranması, Fonda edilən vətəndaş dəstəyi təqdirəlayiqdir. Lakin, yetərli deyil. Hər bir vətəndaş öz sosial öhdəliyini anlamalı, bu çətin vəziyyətdə evdə qalmaqla dəstəyini göstərməlidir.

- Gülnaz xanım, bizə çox maraqlıdır deyə soruşuruq, Çində bu ağır dönəmdə əcnəbi tələbələrə münasibətdən söz açardınız.

- Mən orda olduğum zaman virusun yayıldığı və panikaya keçdiyi dönəm idi. Çox ciddi qaydalar qoyulmuşdu. Az əvvəl qeyd etdiyim kimi hər axşam temperaturumuz ölçülür, kampusdan çıxmağa icazə verilmir, hər axşam imza çəkdirilir, yataqxananı dezinfeksiya edirdilər. Bunun üçün universitet rəhbərliyi birmənalı olaraq bizim orda qalmağımız məsləhətini verirdilər. Onlar bildirirdilər ki, biz əgər getsək təyyarədə, hava limanında virusa yoluxa bilərik və həyatımız təhlükə altında qalar. Ancaq orda qalsaq və hansısa təhlükə baş verərsə, onlar bizi sağalda bilərlər. Bu durumda şəxsən universitet rəhbərliyindən dəstək almışam. Ümumiyyətcə, çinlilər xariciləri xoşlayırlar və həmişə yardımçı olmağa çalışırlar. Hətta professorumuz məndən otaqdan çıxmamağımı xahiş edib, nəyə ehtiyacım varsa hər gün alıb, gətirə biləcəyini də bildirmişdi.

- Sonda tövsiyyəniz?

- Çin təcrübəsini əsas götürməyi, vəziyyəti ciddiyə almağı tövsiyə edirəm. Bu ağır durumda biz birlikdə mübarizə aparmalı, bunun öhdəsindən gəlməliyik! Biz buna qadir millətik! Hər kəsi karantin qaydalarına əməl etməyə çağırıram.

- Fikirlərinizi bizimlə bölüşdüyünüz üçün təşəkkür edirik.