Distant təhsilin sosial - psixoloji təsirləri – Rəşad Bayramov


Xeyirxah “GələcəkSƏN” təlim və inkişaf proqramının təsisçisi, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəşad Bayramovun "Distant təhsilin sosial - psixoloji təsirləri" başlıqlı yazısını təqdim edir:

"Ötən ilin mart ayından etibarən “COVİD-19” pandemiyası səbəbindən orta və ali təhsil müəssisələrində ənənəvi təhsilə ara verilib. Təbii ki, qarşıda duran əsas məsələlərdən biri də təhsil prosesinin distant formada olsa belə, davam etdirilməsi idi.

Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da bu metoddan demək olar ki, istifadə edilməmişdi və ilk dəfə kütləvi olaraq, ölkədə distant təhsil formasından istifadə edilirdi. Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda distant təhsilə ən qısa zamanda start verildi, lakin müəyyən problemlər ortaya çıxdı. Bu problemlərlə bağlı həm vətəndaşlar, həm də Təhsil Nazirliyi mütəmadi olaraq fikirlərini bildirib. Ümumi olaraq qeyd etməliyik ki, ilk vaxtlarla müqayisədə ortaya çıxan müəyyən problemlər daha sonra aradan qaldırılıb.

Pandemiyanın kəskin şəkildə artmasının qarşısının alınması və insanların sağlamlığının qorunması üçün bağlanan təhsil müəssisələrin fonunda distant təhsil insanlara sosial və psixoloji olaraq necə təsir etdi?

Daha öncə bu formada bir təhsil metodundan istifadə edilmədiyi və planlar xaricində, gözlənilməz formada distant təhsilə keçid, istər müəllimlər, istərsə də şagird və tələbələrdə müəyyən sosial, psixoloji narahatlıqları ortaya çıxarıb.

Ümumilikdə 1 milyondan çox müəllim və şagird, tələbə yaradılan imkanlardan faydalanmasına baxmayaraq, tədris prosesinin distant formada həyata keçirilməsi istər şagirdlərin, istərsə də müəllimlərin inkişafına və onların davranışlarına təsirsiz ötüşməyib. İlk dəfə olaraq ölkə ərazisində kütləvi şəkildə tətbiq olunan distant təhsil müəllim və şagirdlərdə adaptasiya problemi yaradıb, müəyyən çətinliklər səbəbindən onların təhsil prosesinə marağının azalmasına gətirib çıxarıb və motivasiyalarına təsir edib.

Mütəmadi apardığımız sorğular və müzakirələr göstərir ki, distant təhsil forması ilə bağlı cəmiyyət arasında fikir ayrılıqları mövcuddur. Bir qisim insanlar distant təhsil prosesini bəyənsələr də, əksəriyyət bu metoddan razı deyil.

Diqqət edilməli digər bir vacib məsələ isə dərslərə qoşulan tələbə və şagirdlərin dərsə marağının formalaşmasıdır. Bir çox şagird və tələbələr dərslərə qoşulsa da, dərs prosesində aktiv iştirak etmir, davamiyyət üçün qoşulurlar. Bəs bu problemləri hansı formada aradan qaldırmaq olar?

Burada məsuliyyət həm şagird və valideynlərin, həm də müəllimlərin üzərinə düşür. Şagirdlərin qapalı məkanlarda uzun müddət qalması, dostları və sinif yoldaşlarından ayrı olması onların sosial, psixoloji inkişafına öz təsirini göstərib və əlavə olaraq da müəllimlərin onlara verdikləri tapşırıqların  çoxluğu, çətinliyi və vaxt məhdudiyyəti üzərindən əlavə yaranan gərginlikləri aradan qaldırmaq üçün valideynlər də bu prosesdə iştirak etməlidirlər. Övladları üçün daha rahat və sakit bir ortam yaratmalı, çətinliklərlə üzləşdikdə onlara dəstəklərini göstərməli, müəyyən nəticələrini mükafatlandırmalıdırlar.  Uzun müddət ekran başında olan şagird və tələbələrdə diqqət dağınıqlığı problemləri ortaya çıxır. Valideynlər bu məsələyə həssas yanaşmalı, onlarla daha çox vaxt keçirməli, telefon, televizor və digər vasitələrdən uzaq durmalı, başqa aktivliklərlə boş zamanlarını dəyərləndirməlidirlər. Qeyd etdiyim məsələlər onlarda özgüvənin artmasına və motivasiyalarının yüksəlməsinə zəmin yaradacaqdır.

O cümlədən, müəllimlərin də yeni şəraitə uyğunlaşmasında üzləşdiyi çətinliklər onların emasional davranışına təzahür edib. Bu davranışlar bəzən dərs zamanı özünü büruzə verir və müəllim-şagird münasbətlərində göstərir. Müəllimlərin daha təmkinli olmalı, dərsə başlamadan öncə və dərs zamanı rahatladıcı ifadələrdən ibarət cümlələrdən istifadə etməlidir. Doğrudur, zaman məhdudiyyəti var, lakin bu cür amillər dərs zamanı yarana biləcək emosionallığı aşağı sala bilər.

Yeniyetməlik və gənclik dönəmi olduqca stressli və qayğılı bir dönəmdir. Qeyd etdiyimiz istiqamətdə yarana biləcək istənilən sosial, psixoloji problemləri həll etmək üçün birgə fəaliyyət göstərmək lazımdır. Burada müəllim-şagird-valideyn “piramida”sı xüsusilə önəm daşıyır.

Bu səbəbdən mümkün olduğu qədər səbrli və anlayışlı şəkildə pandemiyanın sona çatması istiqamətində öz şərtlər və imkanlarımız daxilində dəstəyimizi göstərməliyik"