BMU Qadınlar Şurasından növbəti xeyriyyə aksiyası


Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurası koronavirus pandemiyası (COVID-19) dövründə  tənha və aztəminatlı ailələrə növbəti ərzaq yardımı göstərib.

Xeyirxah "muallim.edu.az"a istinadən xəbər verir ki, universitetdən bildirilib ki, bu dəfə  Xırdalanda yaşayan və köməyə ehtiyacı olan 7 ailəyə ərzaq yardımı verilib.

Bundan başqa, BMU-nun Qadınlar Şurası hər il olduğu kimi, bu il də  Novruz bayramı ərəfəsində yardıma ehtiyacı olan daha 4 ailəyə bayram sovqatı çatdırıb.

Azərbaycan dövlətinin aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğıdan ətraflı bəhs edən Qadınlar Şurasının sədri Ətrabə Gül bu istiqamətdə həyata keçirilən çoxşaxəli tədbirləri xatırladıb.

Universitetin ictimai-sosial həyatında oynadıqları aktiv rola toxunan Şura sədri mütəmadi olaraq ehtiyacı olan ailələri müəyyən edərək onlara yardım göstərdiklərini bildirib. O, belə tədbirlərin davamlı olacağını fikirlərinə əlavə edib.

Yardım göstərilən ailələr diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.